Главная » 2011 » DEKABR » 27 » Azərbaycan Psixiatriya Assosiasiyasının Prezidenti, tibb elmləri doktoru Nadir İsmayılovla aparılmış müsahibə.
16:21
Azərbaycan Psixiatriya Assosiasiyasının Prezidenti, tibb elmləri doktoru Nadir İsmayılovla aparılmış müsahibə.
Azərbaycan xalqının əhval-ruhiyyəsi necədir?
- Əhvalı pis olan da var, yaxşı olanlar da. Hamını bir xarakterizə etmək, eyni gözlə baxmaq olmaz. Hər bir ailədə iqtisadi problemlər, gərginlik və stress ola bilər. Bir fakt aydındır ki, depressiyalı, nevrozlu xəstələrin sayı artıb, intihar halları artmaqda davam edir. Bunlar hamısı təbabətin, profilaktikanın xeyrinə olmayan göstəricilərdir.
- Bunlar əsasən hansı yaş və ya sosial təbəqəyə məxsus adamlardır?
- Bu təbəqədən asılı deyil. Şizofreniya kimi əsil ruhi xəstəliklər var ki, bunlar genetika ilə daha çox əlaqədardır. Ancaq nevroz, stress xəstəlikləri stressogen amillərdən asılıdır.
- İnsanlarımızda sters ən çox nədən yaranır? Bunun azalması üçün nə etmək lazımdır?
- Depressiya, sosial gərginlik, bəzi məmurların kobud rəftarı, qanun pozuntularına yol vermələri kimi hallar insanları qıcıqlandıran faktlardır. Yollarda, küçələrdə insanlar arasında gərginlik yaradan səbəblər də əhəmiyyətli rol oynayır, əsasən də nevrozlarda.
Bunu azaltmaq üçün tibbi tədbirlər lazımdır. Psixi sağlamlığı qorumaq üçün sistemli bir təşkilatımız yoxdur. Bütün respublikalarda psixi sağlamlıq mərkəzləri və yaxud elmi-tədqiqat psixi sağlamlıq institutu var. Onlar proqramlar hazırlayır, tədbirlər həyata keçirirlər. Həmin təşkilatların köməkliyi ilə intiharların, nevrozların qarşısını almaq, profilaktika tədbirlərini genişləndirmək olar. Baxmayaraq ki, bütün qonşu respublikalarda, keçmiş SSRİ-nin bütün respublikalarında bu kimi mərkəzlər var, amma bizdə təəssüf ki, belə mərkəzlər yoxdur.
- Azərbaycanda əhalinin neçə faizinin psixoloji tibbi yardıma ehtiyacı var?
- Azərbaycanda depressiyalı xəstələr 3%, şizofreniyaya tutulanlar 0,6% təşkil edir. Narkotik maddələrdən istifadə edənləri, alkoqol istifadəçilərini, intihar edənləri də bu sıraya aid etmək olar. Əvvəllər Azərbaycanda intihar göstəricisi 100 min nəfərdən 0,5 nəfəri təşkil edirdisə, indi bu göstərici 10 nəfərdən yuxarıdır. Bu, Azərbaycan üçün çox böyük rəqəmdir. Amma elə respublikalar da var ki, hər 100 min nəfər əhalidən 28, hətta 30 nəfəri intihar edir.
- Son zamanlar ölkədə ailədaxili cinayət hadisələri də çoxalıb. Bunun insanların psixi durumu ilə bağlılığı varmı?
- Bəli, ölkədə ailədaxili cinayətlər də 10-15 dəfə artıb. Televiziya, kompüter, mobil telefon insanların informasiya dairəsini çox genişləndirib. Dünyanın o başında nə baş verdiyindən insanlar məlumatlı olur və həmin yaşayış tərzini öz üzərində, öz ailəsində tətbiq edir. Bunun alınmadığını gördükdə isə müəyyən cinayət əməllərinə əl atırlar. Əvvəllər deyərdilər ki, müharibə siyasətin zorla davamı deməkdir. Bir dövlət başqa dövlətlə siyasət aparır, siyasət kömək etmədikdə müharibəyə keçir. Ailələrdə də gərginliyin son həddə çatması, ərin arvadını öldürməsi ilə nəticələnir. Yəni, kişi adi yolla ailədə hökmranlığa, öz istədiyinə nail ola bilmirsə, onda kobud üsullara əl atır. Azərbaycanda əvvəllər belə problemlər olmurdu, qadın özünü qadın kimi aparırdı. Qəbul edirdi ki, həyat yoldaşıyam, kişiyə lazım olduğu kimi baxmalıyam. Amma indi televiziya onların gözlərini açıb. Seriallara, verilişlərə baxıb intim həyatlarını öz istədikləri kimi qurmaq istəyirlər. Bu da müəyyən səbəbdən alınmadıqda, əks tərəfi qıcıqlandırır.
- Faktlar göstərir ki, əksər hallarda ailədaxili cinayət törədən insanlar psixoloji durumu qaydasında olan normal insanlardır. Əgər belədirsə, insanların öz doğmalarını amansızlıqla qətlə yetirməsi həddinə çatmasına səbəb nədir?
- Affekt deyilən bir anlayış var. Bu insanları hiddətləndirən, onu son həddə çatdıran məqamdır. Bu çox uzun davam etmir, bəzən affektin davamiyyəti dəqiqələrlə ölçülür. Həmin anlarda adam belə hərəkətə əl atır. Həmin vaxt onun yanında bir məsləhətçi olsa, psixoloqdan məsləhət alsa krizis dövrü ötüb keçir. Başqa ölkələrdə "etibar telefonu” deyilən xidmət var. Gərgin affekt vəziyyətində olan şəxs dəstəyi qaldıraraq həmin telefonu yığa bilir və lazımlı məsləhətlərini alır. Ancaq bizdə belə bir xidmət yoxdur. Azərbaycanda tibbi psixoloqların sayı həddən artıq azdır. Bunlar dövlət səviyyəsində öz həllini gözləyən məsələlərdir, bunu poliklinika və ya bir səhiyyə şöbəsi həyata keçirə bilməz. Əgər yuxarıdan göstəriş gəlsə, onun strukturunu, təşkilati işlərini qısa zamanda hazırlayıb təqdim edə bilərik.
- Nəzərə alsaq ki intihar edənlərin böyük əksəriyyəti qadınlardır, sizcə onların problemlərinin səbəbkarı psixi durumlarından daha çox kişilərdirmi?
- Əlbəttə. Ümumiyyətlə qadın-kişi psioxologiyasına ciddi təsir göstərən, onlarda stressogen xəstəlikləri, həmçinin qənaətlənməmə kompleksini yaradan ən başlıca məsələ intim məsələdir. İntim məsələdən qənaətlənməmə halları aparıcı rol oynayır. Ona görə də, kişilər özlərini yaxşı aparmalıdır. Kişinin pulu artıdıqca gözü orda-burda olur, əlavə gözəl qadınlar axtarır. Qadın bu barədə xəbər tutduqda, xətrinə dəyir və kişidən asılı olduğu üçün mübarizə apara bilmir. Adətən bizim xanım-xatın qadınlar ali məktəb bitirməyinə baxmayaraq, işləmir, ailəsinə, uşaqlara baxır və bəziləri var ki, heç özünə baxa bilmir, mətbəxdən kənara çıxa bilmir. Buna görə də, kişinin gözündən düşür. Kişi isə ictimai mühitdədir, cibində pulu var, ətrafında gözəl qadınlar fırlanır və nəticədə başqa-başqa fikirlərə düşür. Belə kişilərin qadınlarından bəziləri bu cür həyatı ilə barışır, amma əksər qadınlar bununla barışa bilmir. Bu da birbaşa nevroza aparan yoldur.
-
Azərbaycanda narkomanların azadlıqdan məhrum edilməməsi ilə bağlı qanunvericiliyə dəyişiklik hazırlanır. Narkotika istifadəçilərinin həbs olunmaması onların islahına, psixi durumuna necə təsir edə bilər? Sizcə, cəzasızlıq mühiti bu bəlanın atrmasına səbəb olacaq yoxsa əksinə?
- Bu, mübahisəli məsələdir. Elə ölkələr var ki, orada narkotik maddələri reseptlə verirlər və narkomanlar xəstə titulu qazanır. Məsələn, əvvəllər bizdə homoseksualları sıxışdırırdılar, pis baxırdılar, indi isə normal baxırlar. Xarici ölkələrdə olduğu kimi, bizdə də bu yolu seçmək istəyirlər. Ancaq düşünürəm ki, bu addım yaxşı nəticə verməz. Cəza tədbirləri ilə yanaşı inzibati tədbirlər də tətbiq olunmalıdır. Belə məsələdə 100 faiz cəzasızlıq yaramaz.
- Dağlıq Qarabağ probleminin həll olunmaması, ölkədə qaçqınların olması insanların psixi durumuna təsir edirmi?
- Bu məsələ qlobal təsir göstərən emosional faktordur. Əhalinin əksəriyyətinə, əsasən də intellektual şəxslərə bu faktor pis təsir edir. Onlar özlərini təhqir olunmuş hesab edirlər. Düşünürlər ki, bir dövlət ərazimizin xeyli hissəsini tutub, xeyli qaçqını var, ancaq biz heç nə edə bilmirik. Bu, böyük bir stressdir və öz mənfi təsirini göstərməkdədir. Sözügedən faktorun xüsusi çəkisi yuxarıda sadaladığımız amillərdən daha çoxdur. Ələxsus, bu, intellektual adamlara, vəzifəli şəxslərə, siyasətlə məşğul olanlara, jurnalistlərə güclü stresogen təsir göstərir. Bu problem daim təsir göstərən xroniki bir stresdir. İnsanlar daim bu stresin altında yaşayır, onların həssaslığı da azalır, xəstəliyə meyli artır.


Müsahibə Milli.az xəbər portalına esasən hazırlanmışdır. Müsahibəni apardı: Anar Məmmədov.
Просмотров: 1200 | Добавил: DUYGU | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]