Главная » 2012 » İYUN » 24 » Kitab oxumaq insanda stresin səviyyəsini üç dəfə azaldır
23:13
Kitab oxumaq insanda stresin səviyyəsini üç dəfə azaldır
Əksər Avropa ölkələrində istirahət mövsümü kitab oxumaq üçün fürsət hesab olunur. Amma bu gün çoxumuz nəinki istirahət mövsümündə, heç bikarçılıqdan ürəyimiz sıxılanda da kitab oxumaq barədə düşünmürük. Günümüzün çoxunu ya çayxanada, ya kompyuter arxasında, ya da televizor qarşısında keçiririk. Hələ mən kitaba pul xərcləyənlərə cəmiyyətimizdə birtəhər baxılmasından danışmıram. Halbuki kitab oxumağın insan psixologiyasına və səhhətinə bir sıra müsbət təsirləri var... "Kitab oxuyarkən ürək
Döyüntüsü normallaşır”
Kitab oxumağın orqanizmə faydasını araşdıran britaniyalı mütəxəssislər də maraqlı nəticələr əldə ediblər. Onların qənaətinə görə, cəmi 6 dəqiqə kitab oxumaq insanda stresin səviyyəsini üç dəfə azaldır: "Başqa üsullarla müqayisədə kitab oxumaq insanı daha tez sakitləşdirir və yüngülləşdirir”. Mütəxəssislərin araşdırmalarına görə, qiraət edərkən əzələlərin gərginliyi aradan qalxır və ürək döyünməsi normallaşır. Kitablar uşaqların zehinlərinin, hisslərinin, danışıq qabiliyyətinin inkişafında da önəmli rol oynayır. Kitab oxumaq uşağın təxəyyülünü genişləndirir, daxili dünyasına müsbət təsir göstərir.
"Oxumaq vərdişi ailədə qazanılmalıdır”
Psixoloqlar hesab edirlər ki, kitab oxumaq vərdişi ilk əvvəl ailədə qazanılmalıdır. Bu səbəbdən də valideynlər uşağı müxtəlif kitablarla təmin etməli, ona tez-tez kitab oxumalıdırlar. Britaniyalı mütəxəssislər hesab edirlər ki, valideynlər kitab almağa uşaqları ilə birgə getməlidirlər. Bu zaman onlara kitab seçmələri üçün istədikləri qədər vaxt verilməlidir: "Başlanğıcda övladınıza rahat əldə tuta biləcəyi, içində qısa hekayələri və maraqlı şəkilləri olan kiçik kitablar alın, çünki o, məhz belə kitabları sevir”.
"Kitabxanaların çoxunda 30 yaşdan yuxarı oxucu yoxdur”
1978-ci ildən Sumqayıt şəhərindəki 14 saylı kitabxanada çalışan Hafizə Pirimova deyir ki, sovet dövründə insanlar daha çox kitab oxuyurdular, nəinki indi. Lakin Hafizə xanım hesab edir ki, o dövrün insanları çox kitab oxumalarına baxmayaraq, daha az dünyagörüşünə malik idilər, həyata dar çərçivədən baxırdılar: "Həmin dövrdə insanlar öz işlərini yerinə yetirmək üçün sanki kimdənsə əmr, tapşırıq ğözləyirdilər”.
Müsahibimizin sözlərinə görə, müstəqillik dövründə, xüsusilə də 1993-1997-ci illərdə ölkəmizdə kitab oxuyanların sayı xeyli azalıb: "Lakin 2000-ci ildən başlayaraq, insanların kitaba marağı ilbəil artır. Hazırda bizim əsas oxucularımız məktəblilər və tələbələr olsalar da, kitabxanaya üzv olanlar arasında evdar xanımlar da var”.
Kitabxanaların çoxunda 30 yaşdan yuxarı oxucuların yox səviyyəsində olduğunu bildirən Hafizə Pirimova "Oğlanlar, yoxsa qızlar daha çox kitab oxuyurlar?” sualımıza belə cavab verdi: "Daimi oxucularımızdan 710 nəfərinin 495-i evdar xanımdır. 650 tələbə oxucumuzun isə 504 nəfəri qızdır”.
"Bizim "bəh-bəh”lə izlədiyimiz seriallara inkişaf etmiş ölkələrdə baxmırlar”
Psixoloq Narınc Rüstəmova qəzetimizə açıqlamasında: "Qızlar 11 yaşda, oğlanlar 12-13 yaşlarında daha çox informasiya almaq ehtiyacı hiss edirlər. Buna görə də onların kitaba, internetə marağı daha çox olur”,-dedi. Psixoloq hesab edir ki, ölkəmizdə kitab oxuyanların sayının az olmasının əsas səbəbi əhali arasında televizor aludəçiliyinin geniş yayılmasıdır: "İnsanlar televizora rahat informasiya almaq vasitəsi kimi baxırlar. Bir çox insanlar, əsasən də yaşlı nəsil günün xeyli hissəsini seriallara baxaraq keçirir”.
Müsahibimiz deyir ki, bizim "bəh-bəh”lə baxdığımız seriallara inkişaf etmiş ölkələrdə, demək olar ki, baxmırlar”.
Psixoloq həmçinin qeyd etdi ki, ortayaşlı və orta yaşdan yuxarı insanların az kitab oxumasının digər səbəbi ailə qayğıları, səbirsizlikdir. Bir qrup insanlar "mənə oxumaq lazım deyil, hər şeyi bilirəm” düşüncəsi ilə yaşayırlar. Gənclər isə daha aktiv həyata meyil göstərirlər.
"İnsanlarda kitaba marağı artırmaq üçün nə etmək lazımdır?” sualımıza Narınc xanım belə cavab verdi: "Təbliğat aparılmalıdır. Məsələn, valideynlər kitabı evdə təbliğ etməli, imkan varsa, kitabxana qurmalı, övladları ilə birgə kitab oxumalıdırlar. Cəmiyyətdə isə kitabla əlaqədar tədbirlər, treninqlər, bayramlar keçirilməli, bukletlər paylanmalıdır. Bukletlərdə hər kitab haqqında qısa məlumatlar yazılmalıdır. Beləliklə, zaman keçdikcə, insanların kitaba marağı artacaq, kitabı həyatlarının bir parçasına çevirəcəklər”.
Maraqlı statistika
Araşdırmalar göstərir ki, inkişaf etmiş ölkələrdə daha az televizor seyr edib, daha çox kitab oxuyurlar. Almaniyalı professor Fişer isə: "İnsan düşündükçə beyin tutumu, düşünmə imkanları və qabiliyyəti inkişaf edir. Beyin işlədikcə inkişaf edən, istifadə edilmədikdə isə ən sürətlə kütləşən insan orqanıdır. Bu kütləşməni aradan qaldırmaq üçün bir həftə zehini məşğələ etmək lazımdır. İllərlə işləməyən beyinin nə hala düşdüyünü özünüz təsəvvür edin”.
Bir yaponiyalı ildə 25, isveçli 10, fransalı 7 kitab oxuyur. Türkiyədə hər 7 nəfərə 1 kitab düşür. Azərbaycanda isə bu göstərici minimum səviyyədədir. Bu statistikadan da görünür ki, ölkələrin kitab oxumaları ilə inkişafı düz mütənasibdir. Daha gözəl cəmiyyət üçün, daha çox oxumaq diləyi ilə
Просмотров: 784 | Добавил: DUYGU | Рейтинг: 5.0/4
Всего комментариев: 1
1  
Lap sevindim kitab oxumagima :))) super meqaledi thanks

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]