Главная » 2011 » OKTYABR » 7 » Psixi hadisələrin təsnifi
19:45
Psixi hadisələrin təsnifi
 Psixi hadisələri şərti olaraq üç böyük qrupa bölürlər:

1.Psixi proseslər.

2.Psixi hallar (və ya psixi halətlər, vəziyyətlər).

3.Psixi xassələr (və ya xüsusiyyətlər).

Psixi proseslər psixologiya elminin əsas kateqoriyalarından biridir. İdrak proseslərinə (duyğu, qavrayış, diqqət, hafizə, təfəkkür, nitq və təxəyyül), iradi proseslərə və emosional proseslərə birlikdə psixi proseslər deyilir. Başqa sözlə, psixi proseslər özləri də üç yarımqrupa bölünür: idrak prosesləri, hissi proseslər, iradi proseslər.

Psixi hadisələrin ikinci qrupunu təşkil edən psixi hallar və ya vəziyyətlər da müxtəlifdir. Şən əhval, affektlər, ehtiraslar, dalğınlıq, inamsızlıq, şübhə və s. psixi hallara misal ola bilər.

Psixi xassələr də psixologiya elmini kateqoriyaları içərisində mühüm yer tutur. Temperament, xarakter və qabiliyyətlər əsas psixi xassələrdir. İnsanın onun üçün səciyyəvi olan keyfiyyətlərini (ağlın tənqidiliyi və ya müstəqilliyini), emosioanl xassələrini (tez özündən çıxma, emosionallıq) və s. də psixi xassələrə aid edirlər.

Psixi proseslər, hallar və xassələr bir-birilə üzvi surətdə əlaqəlidirlər. Onlardan biri adətən o birisinin əsasında əmələ gəlir. Psixi halətlər və ya vəziyyətlər ayrı-ayrı psixi proseslərin, məsələn, əhvallar, affektlər hisslərin, dalğınlıq diqqətin, iradənin, şübhə təfəkkürün təzahürü kimi özünü göstərir. Onlar isə möhkəmlənib bir adamı başqasından fərqləndirən psixi xassə kimi təzahür edə bilər.

"Proses”, "hal” və "xassə” nə deməkdir? Nə üçün duyğuları, qavrayışı, diqqəti, hafizəni, təfəkkürü, nitqi və təxəyyülü, iradəni və hissləri psixi proses adlandırırlar. Halbuki şübhəni və ya dalğınlığı psixi hallar, temperament, xarakter və ya qabiliyyətlərə psixi xassələr deyilir. Proses latın sözü olub hər hansı bir hadisənin başlanması, gedişi və inkişafı mərhələlərini əks etdirir. Bu baxımdan bütün psixi hadisələr – istər psixi xassələr, istərsə ədə psixi hal və xassələr prosesual xarakter daşıyır. Məsələnin belə qoyuluşuna ilk dəfə diqqəti rus alimi İ.M.Seçenov cəlb etmişdir.

Müasir psixologiyada proses sözü əslində genış və dar mənada işlənir. Geniş mənada psixi olan proses kimi nəzərdən keçirilir, bütün psixi hadisələr eyni dərəcədə proses kimi təhlil edilir. Dar mənada isə psixi proses dedikdə duyğu, qavrayış, diqqət, hafizə, təfəkkür, nitq, təxəyyül, iradə və hisslər nəzərdə tutulur.

Psixi proses termini psixi faktın prosesuallığını, dinamikasını nəzərə çarpdırır. Psixi halət termini psixi faktın nisbi davamlılığını bildirir. Psixi xassə və ya psixi xüsusiyyət termini isə psixi faktın sabitliyini, onun şəxsiyyətin strukturunda möhkəmləndiyini və təkrar olunmasını ifadə edir. Psixi proseslər, psixi hallar və psixi xassələrin hamısına birlikdə psixika və ya psixi hadisələr deyilir.

Psixikanın əmələ gəlməsi materiyanın hərəkətinin bioloji formasının təşəkkülü ilə bağlıdır. Həyat təbiətin inkişafının keyfiyyətcə yeni mərhələsidir. Psixikanın yaranması və inkişafının öyrənilməsi təbiət elmlərinin, o cümlədən psixologiyanın qarşısında duran mürəkkəb, mühüm vəzifələrdən olmuşdur. Psixikanın filogenizdə inkişafı əksetdirmənin tropizm, instinktiv, həyatda qazanılan və intellektual davranış formalarında təzahür etmişdir. Elementar qıcıqlanma sadə, birhüceyrəli orqanizmlərdə özünü göstərir və onların mühüm təsirinə hərəkətlə cavab verirlər. Mühit canlı orqanizmə bioloji təsir göstərə bilir ki, bunun nəticəsində həmin orqanizmin protoplazmanın xassəsi dəyişir. Bioloji amillərə özünəməxsus cavab vermək üsulları tropizmlər və ya taksiklər adlanır. Tropizmlərin aşağıdakı növlərini fərqləndirirlər: fototropzim – canlı orqanizmin işığın təsiri ilə hətəkətə etmə meyli; termotropizm – işığın təsiri ilə hərəkətetmə meyli; xemotropizm – müəyyən fiziki-kimyəvi mühiti seçmə meyli; topotropizm – mexaniki qıcıqlandırıcıların təsirilə hərəkət etmə meylivə s. Canlılarda psixikanın təşəkkül tapması onların mühitə uyğunlaşa bilməmələri ilə bağlı olan dəyişikliklərdən yaranır. Bir çox canlıların davranışı instiktiv davranışdır və təbii tələbatdan doğur. Mühitin müəyyən şəraitinə, təsirinə qarşı mürəkkəb anadangəlmə reaksiya forması instinktlər adlanır. İnstinktiv davranış müəyyən bir növün hamısı üçün xarakterik olan anadangəlmə davranışdır. Bir çox alimlər hesab edirlər ki, instinktlər dəyişməzdir və canlıların fərdi qaydada mühitə uyğunlaşması prosesində dəyişməz qalır. Ali heyvanlarda instinktiv davranış forması ilə yanaşı dəyişkən formalı davranış – vərdişlər və intellektual hərəkətlər də mövcuddur. Vərdişlər inkişafın ən aşağı pilləsində belə özünü göstərir. Lakin açıq-aşkar ifadə olunan vərdişlər yalnız baş beyin qabığına malik olan heyvanlarda müşahidə edilir. Ali heyvanlarda davranışın ən yüksək səviyyəsi intellektual davranışdır. İntellektual davranışın əsasını ayrı-ayrı cisimlər arasındakı mürəkkəb münasibətləri əls etdirmək təşkil edir. Lakin heyvanların intellektual və ya əqli davranışı təbii ki, insan ağlından fərqli keyfiyyətə malikdir.
Просмотров: 1833 | Добавил: DUYGU | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]