Главная » 2011 » İYUN » 27 » Psixoanaliz Nəzəriyyəsi
13:24
Psixoanaliz Nəzəriyyəsi
Bu cərəyanın banisi Ziqmund Freydin və onun ardıcıllarının fəlsəfi baxışlarına görə bütün növ bəşəri fəaliyyətin əsasında Freydin Eros və Tanatus adlandırdığı iki əks başlanğıcın mübarizəsi və vəhdəti dayanır. Freydə görə bunlardan birincisi – həyat, ikincisi isə – ölüm instinktidir. Bu birinci kateqoriyaya o «öz mövcudluğunu qoruyub saxlamaq tələbatını» (yəni, adi fizioloji tələbatları) və «özünəbənzərləri yaratma tələbatını» (yəni, cinsi tələbatı), ikinciyə isə – aqressivlik, sadizm, mazoxizm, özünəqəsd və s. bu kimi tələbatları aid edir.


Freydə görə kainat lap əvvəldən xaosa, dağılmağa meyllidir və yeganə olaraq həyat bu xaosun mütəşəkkilləşdiyi qısa zaman kəsiyidir. Lakin mütləq mənada yox. Belə ki, varlıqlar həyat boyunca da olumla ölüm arasında qalır, sabitliklə xaos arasında çarpışırlar. Sabitlik halına Freyd – orqanizmin sağlam, normal vəziyyətini, xaos halına isə – əsəbi, gərgin, qeyri-taraz vəziyyətini aid edir. Freydə görə bu sonuncu halın başlıca səbəbi – onun Eros adlandırdığı həmin o birinci instinktlərin normal ödənilə bilməməsidir. Bunların ödənməsinə mane olan başlıca baryerlər sırasında Freyd xüsusi olaraq praktik imkansızlığı və mənəvi imperativləri vurğulayır. Məsələnin mahiyyətini daha aydın çatdırmaq üçün o öz nəzəriyyəsini, ələlxüsus, şəhvani duyğuların ödənməsi timsalında izah edir.

Freydə görə instinktiv olaraq insanda mövcud olan cinsi tələbatlar, praktik imkansızlıq və ya mənəvi baryerlər («super-Eqo») səbəbindən ödənə bilmədikdə, itib getməyərək şüur sferasından («Eqo»-dan) təhtəlşüur sferasına («İd»-ə) sıxışdırılır və burada özünün realizə momentini gözləməyə başlayır. Bundan sonra təhtəlşüur onun ödənməsi yollarını düşünüb tapmaq üçün mütəmadi olaraq şüura «sifarişlər» göndərir. Onlara verilən hər bir rədd cavabınısa, qeyri-məntiqi prinsiplərlə işləyən təhtəlşüur müstəqil bir sindrom kimi qəbul edərək növbəti dəfə bunların hər biri ilə əlaqədar şüura ayrıca sifarişlər göndərir, onların cavabı ilə əlaqədar yenə də beləcə və s. Nəticədə, orqanizmin başlıca idarəedici orqanını olan şüur eyni bir problemin analizi ilə həndəsi silsilə üzrə artan həcmdə yükləndiyindən, getdikcə fəaliyyəti tromblanır, blokirovkalanır, öz normal iş funksiyasını itirir. Orqanizmin daxilində gedən bu gizli proseslərsə zahirdə müxtəlif nevroz simptomları və orqanizmin normal iş ahənginin pozulması şəklində təzahür edir. Konkret olaraq, məhz bu səbəbdən, Freyd nevrozun başlıca (daha doğrusu, yeganə) səbəbini cinsi tələbatların normal ödənməməsində görürdü ki, Freyd konsepsiyasının, ələlxüsus bu məqamı hələlik onun ən zəif hissəsi kimi qəbul edilir və, tarixən də, ən çox bu hissə tənqidə məruz qalıb. Belə ki, Freyd ümumiyyətcə, insanın psixi təkamülündə seksual sferanın (libido enerjisinin) rolunu lazım olandan qat-qat artıq dərəcədə mütləqləşdirir ki, bunun da belə olmadığı və psixi determinasiya prosesində cinsi fəaliyyətin (və onun problemlərinin) rolunun heç də digər faktorlardan çox olmadığı bugünkü psixologiya və psixiatriyada qeyd-şərtsiz olaraq isbat edilib

Qayıdaq əsas məsələyə. Sadalanan fazadan sonrakı mərhələdə artıq, beyindəki kəmiyyət dəyişikliyi özünün keyfiyyət dəyişikliyi mərhələsinə qədəm qoyur. Belə ki, vəziyyətin təhlükəli həddə çatdığı mərhələdə avtomatik olaraq xilasedici blokiratorlar işə düşür və orqanizm öz-özünü məhv olmaq təhlükəsindən qorumaq, özünün başlıca idarəedici orqanı olan şüurun normal iş ahəngini bərpa etmək üçün ekstremal tədbirlərə əl atır. Freyd bu blokiratorlar yerində müxtəlif psixi müdafiə mexanizmlərini (inkar, rasionallaşdırma, proyeksiya, sublimasiya, və s.) göstərir. Onların fəaliyyəti nəticəsində individ, ya bu hissi ümumiyyətcə, süni şəkildə unudur və bəzən hətta orqanizmin cinsi funksiyası müvəqqəti dayanır (hansının ki, nəticəsində cinsi sferada psixi mənşəli müxtəlif pozğunluqlar yaranır). Ya da ödənməsi mümkün olmayan seksual arzular, istəklər, meyllər, həvəslər, ehtiraslar və s. ödənməsi mümkün olan bir başqa formaya transformasiya («sublimasiya») olunaraq həmin formatında realizə tapır. Freyd bu sonuncu variant yerində müxtəlif bədii yaradıcılığı, ixtiraçılığı, peşə fəaliyyətini və b. göstərir.

Bir sözlə, Freyd hər bir insan fəaliyyətinin motivi yerində tarazlığa meyl və daxili gərginliyi azaltmaq cəhdinin durduğunu (homeostaz prinsipi), hər bir fəaliyyətin bu və ya digər formada insanın ödənməmiş qalan müxtəlif instinktiv (irrasional) impulslarının, arzularının, hisslərinin simvolikləşmiş, modifikasiyaya uğramış forması olduğunu iddia edir.

Haşiyə kimi qeyd edək ki, bir psixoterapevt kimi, Freyd insan psixikasında mövcud olan travmaları, sindromları aşkar edib, onları neytrallaşdırmağın, müalicə etməyin də metodlarından geniş bəhs edir.

Просмотров: 5067 | Добавил: DUYGU | Рейтинг: 4.5/2
Всего комментариев: 2
1 ilow  
0
cox maraqli movzusu,men size yaziram ki sizinle nece elaqe saxliya bilerem,amma siz hecne bildirmirsiz sad

2 DUYGU  
0
Ilow xanim size ozel mesaj gonderilib .Sizinle elaqe yaradilib

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]